İnzibati Siyasət
1. Ümumi müddəalar
1.1. Bu Siyasət “Sığorta fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.4-cü maddəsinə əsasən
hazırlanmışdır və “Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət)
idarə olunmasının əsas prinsiplərini müəyyən edir.
1.2. Siyasətin məqsədi idarəetmə
orqanları və struktur bölmələr arasında səlahiyyətlərin aydın bölgüsünü, qərarların
şəffaf qəbulunu və idarəetmə proseslərinə nəzarəti təmin etməklə müştərilərin,
səhmdarların və digər maraqlı tərəflərin Cəmiyyətə etimadını gücləndirməkdir.
1.3. Siyasət Cəmiyyətin bütün
idarəetmə orqanlarına, struktur bölmələrinə, filial və nümayəndəliklərinə şamil
edilir.
1.4. Cəmiyyətin idarəetmə
orqanları Səhmdarların Ümumi Yığıncağı, Direktorlar Şurası və İdarə Heyətidir.
Direktorlar Şurasının nəzdində Audit Komitəsi, Riskləri İdarəetmə Komitəsi fəaliyyət
göstərir.
2. Səlahiyyətlərin bölgüsü
2.1. İdarəetmə orqanlarının səlahiyyətləri
qanunvericilik, Nizamnamə, Səhmdarların Ümumi Yığıncağı və Direktorlar Şurası tərəfindən
təsdiq edilmiş əsasnamələrlə müəyyən edilir.
2.2. Nəzarət funksiyalarını həyata
keçirən struktur bölmələrə nəzarət etdikləri sahələrlə bağlı icra funksiyaları
həvalə edilmir.
3. Səlahiyyətlərin həvaləsi və imza hüququ
3.1. İmza hüququ və maliyyə
öhdəliklərinin götürülməsi üzrə hədlər Direktorlar Şurası tərəfindən təsdiq
edilən daxili qayda ilə müəyyən edilir.
3.2. Səlahiyyətlər yazılı
formada təsdiq edilir.
4. Qərarların qəbulu
4.1. Qərarlar səlahiyyətli
orqan tərəfindən, aidiyyəti struktur bölmələrlə razılaşdırılmaqla qəbul edilir.
4.2. Qanunvericiliyə və ya Cəmiyyətin
risk profilinə təsir edən qərarlar qəbul edilməzdən əvvəl komplayens və risklərin
idarə edilməsi funksiyalarının rəyi alınır.
5. Daxili normativ sənədlər
5.1. Daxili normativ sənədlər
bu ardıcıllıqla qəbul edilir: Direktorlar Şurası və İdarə Heyəti tərəfindən təsdiq
edilən sənədlər. Subordinasiya baxımından İdarə Heyəti tərəfindən təsdiqlənən sənəd
Direktorlar Şurası tərəfindən təsdiqlənən sənədə zidd ola bilməz.
5.2. Daxili normativ sənədlərin
vahid reyestri aparılır. Sənədlər qanunvericilikdə dəyişiklik edildikdə nəzərdən
keçirilir.
6. Sənəd dövriyyəsi və arxiv
6.1. Sənədlərin qeydiyyatı,
dövriyyəsi və saxlanması vahid qaydada həyata keçirilir.
6.2. Sənədlər qanunvericilikdə
müəyyən edilmiş müddətlərdə, məxfiliyə riayət edilməklə saxlanılır.
7. Filial və nümayəndəliklər
7.1. Filial və nümayəndəliklər
Direktorlar Şurası tərəfindən təsdiq edilmiş əsasnamələr əsasında fəaliyyət
göstərir və öz fəaliyyəti barədə baş ofisə hesabat verir.
8. İnzibati xərclər və əmlak
8.1. İnzibati xərclər
Direktorlar Şurası tərəfindən təsdiq edilmiş büdcə çərçivəsində ödənilir.
8.2. Cəmiyyətin əmlakı uçota
alınır, onun istifadəsi və mühafizəsinə görə məsul şəxslər müəyyən edilir.
9. Yekun müddəalar
9.1. Siyasətin icrasını İdarə
Heyəti təmin edir, icraya nəzarəti Direktorlar Şurası həyata keçirir.
9.2. Siyasətə dəyişikliklər
Direktorlar Şurası tərəfindən təsdiq edilir.

